“QUSAR EŞ”: TEXNİKİ TƏDBİRLƏR DAVAM EDİR

Image

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə Qusar elektrik şəbəkəsində mühüm addımlar atılır. Bu da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə və müəssisənin texniki-iqtisadi göstəricilərində yüksək nəticələrə nail olunmasına gətirib çıxarır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, əsaslı təmir qrafikinə əsasən cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik şəbəkələrin ümumilikdə 6,7 kilometrə yaxını yeni naqillə əvəz edilmiş, 77 kilometrində isə təmir işləri görülmüşdür. Eyni zamanda 70-ə yaxın dayaq yenisi ilə əvəzlənmiş, 7 dayaq təmir edilmiş və 100-ə yaxın dayaq isə düzləndirilmişdir.

Qeyd edək ki, şəbəkənin xidməti ərazisində güc artımı ilə əlaqədar iki ədəd transformator daha güclüsü ilə əvəzlənmişdir. Eyni zamanda balans mənsubiyyətinə aid olan transformator məntəqələrinə (TM), komplekt transformator məntəqələrinə (KTM) baxış keçirilmiş və 17 KTM-də təmir işləri aparılmışdır.

Mənbə onu da bildirdi ki, elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür. Belə ki, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 110-dan çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 316,7 min  kilovatsaata yaxın ((bunun 105,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 19 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, cari ilin iyun ayında aşkar edilmiş 8 qayda pozuntusuna görə 4,9 min kilovatsaata yaxın (bunun 4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 290 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.