MÖVSÜMLƏ ƏLAQƏDAR TƏDBİRLƏR HƏYATA KEÇİRİLMİŞDİR

Image

Effektliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq postsovet məkanında ilk dəfə olaraq generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət olan generatorların tətbiqinə başlanmışdır. Belə generasiya güclərindən olan “Bakı” elektrik stansiyasında da aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin sentyabr ayında 45 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə burada 383,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində aqreqatlarda növbəti istismar həddinə uyğun olaraq texniki xidmət işləri yerinə yetirilmişdir. Eyni zamanda sözügedən dövrdə bir aqreqatda əsaslı təmir işləri başa çatdırılmışdır. İki aqreqatda isə aparılan əsaslı təmir işləri davam etdirilir. Ümumiyyətlə, istismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin son üç ayında maşın sexində həyata keçirilmiş təmir kampaniyası zamanı avadanlıqlar təftiş edilmiş, istismar prosesində ortaya çıxan nasazlıqlar aradan qaldırılmış, avadanlıqlarda sıradan çıxmış hissələr yeniləri ilə əvəz edilmişdir.

Mənbəyə istinadən bildirək ki, payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlıqlara texniki baxışlar keçirilmiş və müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılmışdır.

 

Xatırladaq ki, “”Bakı” elektrik stansiyası 12 aqreqatdan ibarət olub, ümumi gücü  105 MVt təşkil edir.