“XIZI”DA YENİDƏNQURMA İŞLƏRİ APARILIB
“Azərenerji” ASC-nin böyük müəssisələrindən biri sayılan “Sumqayıt REŞ”-in xidməti ərazisinə daxil olan “Xızı Elektrik Şəbəkəsi” üzrə bir sıra təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Bu barədə müəssisədən Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinə məlumat verilmiş və bilidirilmişdir ki, təmir işlərinə yeni məftillərin çəkilməsi, izolyatorların əvəzlənməsi, dayaqların təmiri və s. daxildir.
Qeyd edək ki, cari ilin son üç ayı ərzində dayanıqlığın daha da möhkəmləndirilməsi və texniki itkilərin daha da azaldılması məqsədilə transformatorlardan çıxan 0,4 kV-lik elektrik verilişi xətlərində, 160 kVA “Xələc”, 250 və 400 kVA “Tıxlı”, 160 KVA “Fındığan”, 160 kVA “Ağdərə”, 400 kVA “İcra hakimiyyəti”, 180 kVA “Şurabad”, 250 kVA “Altıağac” və digər transformator məntəqələrində cari təmir işləri aparılmış və istehlakçıların istifadəsinə verilmişdir.
Mənbədən aldığımız məlumata əsasən, təmir-bərpa işlərinin aparıldığı obyektlər sırasına REŞ-in balans mənsubiyyətinə aid olan 35/10 kV-lik “Xızı” və “Altıağac”, həmçinin 10 kV-lik “Yeni Yaşma” yarımstanisyaları da daxildir.
Son üç ay ərzində təmir-bərpa işləri ilə yanaşı, əhali və qeyri əhali sektoru üzrə yeni sayğacların quraşdırılması və ya dəyişdirilməsi, SİP kabellərinin çəkilməsi, yeni dayaqların quraşdırılması da davam etdirilmişdir.
Bütün bunlarla yanaşı, şəbəkə üzrə yanğın təhlükəsizliyi tədbirləri də uğurla yerinə yetirilmişdir. Bu tədbirlər sırasina müvafiq yanğınsöndürmə dəstlərinin alınması, yanğınsöndürmə dəstələrinin yaradılması, işçi heyətinin müvafiq qaydada biliklərinin yoxlanılması, yanğın törədə biləcək əşyaların mütəmadi olaraq təmizlənməsi, alçaq və yüksək gərginlikli paylayıcı qurğuların aidiyyəti xidmətlər tərəfindən yoxlanılması daxildir. Müəssisədən bildirildiyinə görə, “Xızı” elektrik şəbəkəsi yanğın təhlükəsi və texniki göstəricilər baxımından mövcud iqlim şəraitinə tam olub normal qaydada fəaliyyət göstərir.
Mənbəyə istinadən onu da qeyd edək ki, burada elektrik enerjisindən qeyri-qanuni istifadə halının qarşısının alınması məqsədilə cari ilin 6 ayı ərzində keçirilmiş reydlər zamanı 66 istehlakçının (bunun 56-sı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularına əsasən tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 735,7 min kilovatsaata yaxın (bunun 135 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 44,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 42 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.