“YEVLAX EŞ”DƏ İRƏLİLƏYİŞƏ NAİL OLUNUB
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu məqsədlə, digər energetika müəssisələrində olduğu kimi, “Yevlax Elektrik Şəbəkəsi”nin də (EŞ) balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ilin arxada qalan ayları ərzində burada müəyyən irəliləyişə nail olunub. Elektrik enerjisi istehlakı aşağı düşüb, ödəniş isə artıb. Şəbəkənin istismar səviyyəsini normal saxlamaq istiqamətində də işlər aparılıb. 10 kV-lik EVX-də 5,3 km-lik, 0,4 kV-lik EVX-də 7,4 km-lik məsafədə əsaslı və cari təmir işləri həyata keçirilib. 10/0,4 kV-lik 10 transfomator əsaslı təmir olunduqdan sonra yenidən şəbəkəyə qoşulub. Yeni abonentlərə 202 ədəd sayğac quraşdırılıb, 243 ədəd sayğac isə dəyişdirilib. 10/0,4 kV-lik transfomator məntəqəsinin 13-də əsaslı və cari təmir işləri aparılıb.
“Şəbəkənin işçiləri əlverişli günlərdən yararlanaraq payız-qış mövsümünə möhkəm zəmin hazırlayırlar”, - deyən mənbə sonda onu da qeyd etdi ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.