REYDLƏR DAVAM ETDİRİLİR

Image

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər keçirilir. Aşkar edilmiş pozuntuların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Samux” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə,  cari ilin iyun ayında müəssisənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 18 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlara əsasən müvafiq qaydada hesabatlar aparılaraq 115,1 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə sözügedən müəssisə üzrə 150 qayda pozuntusu aktı tərtib olunmuş, 1 milyon 159,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 69,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 72 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin 6 ayı ərzində on, o cümlədən iyun ayında bir istehlakçı barəsində müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilmişdir.

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, sayğac uçot komplektinin “Elektrik enerjisindən istifadə qaydaları”na uygun xüsusi qutularda, baxış üçün maneəsiz yerdə  quraşdırılması və digət təşkilatı tədbirlərlə bağlı şəbəkələrdə aparılan yenidənqurma işlərindən söz açan mənbə bildirdi ki, cari ilin son üç ayı ərzində 7,1 kilometrdən artıq EVX təmir olunmuş, 9 dayaq dəyişdirilmişdir. Eyni zamanda 8 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və müxtəlif gücdə 4 transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirilən təmir-bərpa işləri rayonun enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetirilir.