“MİNGƏÇEVİR SESS”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Respublika enerji sisteminin bütün müəssisələrində, o cümlədən 1954-cü ildən istismarda olan, Qafqazda analoqu olmayan ən böyük enerji obyektlərindən biri hesab edilən “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə də avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin etibarlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hasirda burada yenidənqurma işləri davam etdirilir.
Bu barədə stansiyadan “Azərenerji”ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiya kolektivi iyun ayında 69 milyon 250 min kilovatsaat elektrik enerjisi istehsal edib. Cari ilin altı ayı ərzində isə istehsal ümumilikdə 533 milyon kilovatsaatdan çox olub.
Mənbəyə istinadən qeyd edək ki, hazırda stansiyada geniş miqyaslı yenidənqurma işləri davam etdirilir. Belə ki, 110 kV-lik yarımstansiyada avadanlıqlar quraşdırılır. 220 və 330 kV-lik yarımstansiyalarda da nəzərdə tutulan işlər ardıcıl yerinə yetirilir. 220 kV-lik yarımstansiyada özüllərin tökülməsi başa çatdırılıb.
Yeri gəlmişkən, hazırda 1 nömrəli hidroaqreqatda generatorun statorunun yığılmasına başlanılıb. Aqreqatın disk bağlayıcısının yeniləşdirilməsinə hazırlıq görülür. 3 nömrəli hidroturbinin yığılması da davam edir. Baş İdarə Şiti (BİŞ) binasının 2 və 3-cü mərtəblərində tikinti davam etsə də, buraya çəkiləcək kabellər üçün kanalların tikintisi başa çatdırılıb.
Onu da qeyd edək ki, aşağı məcrada sol sahilbərkitmə işləri başa çatdırılıb. Sağ sahil bərkitməsi və aşağı məcrada sualtı dağılmış hissələrin bərpası isə davam edir. Bundan başqa, 35 kV-lik yarımstansiya tam sökülüb və yeni qapalı paylayıcı quruluşun (QPQ) layihəsi hazırlanır.