“MİNGƏÇEVİR REŞ”: YENİDƏNQURMA İŞLƏRİ APARILIB
Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” REŞ-in xidməti ərazisindəki 6-10 və 0,4 kV-lik paylayıcı şəbəkələrdən də yan keçmədi. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə geniş məlumat verilmişdir.
“Mingəçevir” REŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə paylayıcı şəbəkələrdə son üç ay ərzində bir sıra işlər aparılıb. Qeyd edək ki, REŞ-in balans mənsubiyyətinə daxil olan “Tərtər” elektrik şəbəkəsi bu qəbildən olan enerji təsərrüfatlarından biridir. Müəssisədən bildirilir ki, texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə 35/10 kV-lik “Dəmirlər”, “İsmayılbəyli”, “Sarıçalı” və 35/6 kV-lik “Tərtər” yarımstansiyalarında və onun yardımçı avadanlıqlarında əsaslı və cari təmir işləri yerinə yetirilmişdir. Təmir-bərpa işlərinə yarımstansiyalardan çıxan hava elektrik verilişi xətləri üzrə zədəli naqillərin dəyişdirilməsi, sıradan çıxmış dayaqların yeniləri ilə əvəz edilməsi işləri aiddir. Mənbədən bildirildiyinə görə 10 kV-lik EVX-lər üzrə bu ilin son üç ayı ərzində ümumilikdə 16 kilometrdən artıq məsafədə təmir-bərpa işləri həyata keçirilmiş və 20-ə yaxın dayaq isə yenisilə əvəzlənmişdir. Elektrik şəbəkəsinin 0,4 kV-lik xətlərində də analoji tədbirlər yerinə yetirlib. Məsələn, Qarağacı kəndində yerləşən transformator məntəqəsindən çıxan EVX üzrə zədəli naqillərin dəyişdirilməsi və qüsurlu dayaqların yeniləri ilə əvəz edilməsi buna bariz nümunədir. Bundan əlavə, Bəyim Sarov kəndində yerəlşən 160 KVA-lıq transformator məntəqəsindən çıxan 0,4 kV-lik EVX-lər üzrə də müvafiq təmir işləri aparılıb, qeyri-standart dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz edilmiş, qeyri-standart naqillər yeni AS markalı naqillərlə əvəz edilmişdir. Düyərli və Qaraqoyunlu kəndlərində də analoji işlər aparılmış, abonentlər daha da dayanıqlı elektrik enerjisi ilə təmin edilmişlər. Yenidənqurma işlərinə 13 ədəd transformator məntəqəsinin, 7 ədəd transformatorların təmiri daxildir. Rayon üzrə sayğac quraşdırma işləri də yerinə yetirlmişdir. Qeyd edək ki, son üç ay ərzində burada 80-dən artıq abonentə yeni sayğac quraşdırılmış, 80-dən artıq sayğac dəyişdirilmişdir.
Onu da qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir. Bu da eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına da kömək edir.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 24 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını (EEİQ) pozması faktı aşkar edilmişdir. Bundan da 16-sı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq hesabat aparılmış və 52,2 min kilovatsaatdan artıq (bunun 35,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 180-dan artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir ki, bunun da 140-dan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 1 milyon 385,2 min kilovatsaata yaxın (bunun 483,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 83,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.