“QAZAX EŞ”: MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir.
“Qazax Elektrik Şəbəkəsi”ndə (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazilərində istehlakçıların Elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 13 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 11 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 660 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğ hesabat ayında tamamilə ödənilmiş və ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 118 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 453,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 27,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin 78 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən qayda pozuntularının istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Yeri gəlmişkən, cari ilin 6 ayı ərzində üç, o cümlədən iyun ayında iki istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik EVX-lərdə və carı ilin son üç ayı ərzində TM-lərdə həyata keçirilən təmir işləri zamanı 10,3 kilometrdən artıq xətt və ümumi gücü 3,5 MVA olan 14 transformator təmir edilmiş, 25 dayaq yenisi ilə əvəzlənmişdir. Eyni zamanda yeni bir ədəd vakuum açarı və 9 ədəd ayrıcı da quraşdırılmışdır.