“MİNGƏÇEVIR”DƏ TƏMİR İŞLƏRİ APARILIB

Image

“Mingəçevir” EŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjsi ilə təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə son üç ay ərzində bir sıra yenidənqurma işləri  həyata keçirilib.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan  məlumata görə, texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə son üç ay ərzində ümumilikdə 6 kV-lik EVX üzrə  4 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri aparılmışdır.

Elektrik şəbəkənin 0,4 kV-lik xətlərində də analoji tədbirlər yerinə yetirlib. Məsələn, buraya Maqomayev küçəsində zədəli kabellərin dəyişdirilməsini, Mingəçevir kəndi ərazisindəki qüsurlu dayaqların yeniləri ilə əvəz edilməsini, “Yeni Həyat” məcburi qaçqın şəhərciyinin yanında yeni tikilmiş fərdi yaşayış evlərində şəbəkə yaradılması üçün yeni SİP kabelinin çəkilişi işlərini aid etmək olar. Qeyd edək ki, 0,4 kV-lik xətlər üzrə ümumilikdə 5 kilometrə yaxın məsafədə təmir-bərpa işləri yerinə yetirilib.

Yenidənqurma işlərinə 18 ədəd transformator məntəqəsinin, 4 ədəd transformatorun təmiri də daxildir.

“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 3 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir ki, bunun da biri məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 14 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 830 manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd edək ki,  cari ilin 6 ayı ərzində isə müəssisə üzrə 26  qayda pozuntusu faktı (bunun 8-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 1 milyon 379,2 min kilovatsaatdan artıq (bunun 31,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 81 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.