“GÖYGÖL” ŞƏBƏKƏSİ YENİDƏN QURULUR
“Göygöl Elektrik Şəbəkəsi”ndə (EŞ) yenidənqurma işləri uğurla davam etdirilir. Rayon mərkəzindəki 3700 abonentin böyük əksəriyyəti, əsasən, 6 küçəni əhatə edir. Bu il may ayının 23-dən etibarən elektrik şəbəkəsinin yenidən qurulması ilə əlaqədar yerüstü elektrik xətlərinin yüksəkgərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilməsinə başlanılıb. Artıq yeraltı kabel xətlərinin çəkilməsinin 75 faizi yerinə yetirilib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə daxil olan məlumata görə, “Sumqayıt Texnologiyalar Parkı”nda istehsal olunan müasir tipli yüksək və alçaq gərgilikli kabellərdən istifadə etməklə rayonun Heydər Əliyev prospektində, Aydın Hacıyev, M.Ə.Rəsulzadə, Səbuhi Hacıyev və Aşıq Ələsgər küçələrində son tamamlama işləri aparılır. Hummer küçəsində isə bu prosesə hazırlıq gedir. Eyni zamanda, Mərkəzi Paylayıcı Quruluşlarda (MPQ) və transformator məntəqələrində istifadə olunacaq müasir tipli yüksək və alçaq gərginlikli elektrik avadanlıqlar da Sumqayıt Texnologiyalar Parkında istehsal edilir.
Qeyd edək ki,rayon mərkəzindəki 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərinin (HEVX) yeraltı kabel xətləri ilə əvəzlənməsilə yanaşı, eyni zamanda 2 ədəd mərkəzi qapalı paylayıcı qruluşun inşası da həyata keçirilir. Rayon mərkəzində iki ədəd yeni transformator məntəqəsi tikilir, dörd ədəd mövcud transformator məntəqəsində təmir-bərpa işləri aparılır, üç ədəd kompleks transformator məntəqəsinin (KTM) quraşdırılmasına hazırlıq gedir. Yenidənqurmanı əsaslı şəkildə tamamlamaq üçün 35/6 kV-lik «Göygöl-1» yarımstansiyasından 1 və 2 saylı mərkəzi paylayıcı quruluşlara ikidövrəli iki yeraltı kabel xətti çəkilib. 4 transformator məntəqəsinə və 3 KTM-ə 1 və 2 saylı MPQ-dan 6 kV-lik yeraltı kabel xətti də çəkilib. Göygöl şəhərinin daha dayanıqlı enerji təchizatı üçün 1 və 2 saylı MPQ-lər 6 kV-lik yeraltı kabel xətləri ilə əlaqələndirilib. Göygöl şəhərindəki 6/04 kV-lik transformator məntəqələrində Almaniyanın «Şnayder» şirkətinin lisenziyası əsasında Sumqayıt Texnologiyalar Parkında hazırlanan eleqaz tipli açarlardan da istifadə edilib.