“BEYLƏQAN EŞ”: TƏMİR İŞLƏRİ APARILIB
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Beyləqan” EŞ-də də görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.
Sözügedən müəssisədən cari ilin son üç ayı ərzində balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilən yenidənqurma və təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 10 kV-lik I, III və IV “Şəhər”, “Daşburun”, “Dünyamalılar” və digər HX-də aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 6,6 kilometr xətt də təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 7,7 kilometrə yaxın hissəsi təmir edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan TM-lərdə aparılan müvafiq işlər zamanı müxtəlif gücdə olan 36 transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğacların istehlak edilmiş elektrik enerjinin bir hissəsinin qeydə almaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür”, – deyən mənbə onu da bildirdi ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində seçmə üsulu ilə həyata keçirilmiş reydlər zamanı 43 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlara əsasən müvafiq qaydada hesabatlar aparılaraq 51,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğ hesabat ayında tamamilə ödənilmiş və ötən aylardan yaranmış debitor borcun da məyyən qisminin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə 193 qayda pozuntusu aktı tərtib olunmuş, 748,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 44,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 62 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Sonda onu da qeyd edək ki, qayda pozuntuları ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qeydə alınmış və enerjidən sayğacdan kənar xətt vasitəsilə istifadə halı üstünlük təşkil etmişdir.