“AZƏRBAYCAN İES”: İKİNCİ RÜBÜN YEKUNLARI

Image

Respublikamızın ən böyük enerji istehsalçılarından sayılan  “Azərbaycan İES”in kollektivi cari ilin altı ayını, o cümlədən II rübü də uğurlu istehsalat göstəriciləri ilə başa çatdırıb. Sözügedən dövrdə stansiyanın sex və sahələri əvvəlcədən təsdiq olunmuş iş planı əsasında fəaliyyət göstərib, enerji bloklarının və avadanlıqlarının dayanıqlı və qənaətli iş rejimləri təmin edilib, dispetçer yük qrafikinə əməl olunmaqla istehsal-plan tapşırıqları yerinə yetirilib, əsas və köməkçi avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilməyib. Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Mənbənin bidirdiyinə görə, 2012-ci ilin ikinci rübündə, o cümlədən iyun ayında yüksək texniki-iqtisadi göstəricilər əldə edilib. Belə ki, cari ilin ikinci rübü, o cümlədən iyun ayı üzrə elektrik enerjisinin istehsalı, müvafiq olaraq 1 milyard 500 milyon və 521,7 milyon kilovatsaat təşkil edib. Hazırda stansiyada, dispetçer yük qrafikinə uyğun olaraq, sutka ərzində orta hesabla 14-15 milyon kVt-s elektrik enerjisi istehsal olunur.

Qeyd edək ki, respublika enerji sisteminin bütün müəssisələrində olduğu kimi “Azərbaycan” İES-də də mövsümə hazırlıqla bağlı tərtib edilmiş iş qrafikinə uyğun olaraq tədbirlər davam etdirilir. Bir blokda cari, iki blokda isə əsaslı təmir işləri aparılır.

Sonda onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir.