“KÜRDƏMİR EŞ”: QAYDA POZUNTULARININ QARŞISI ALINIR
İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə paylayıcı elektrik şəbəkəsi müəssisələrində mühüm addımlar atılır. İstehlak edilən elektrik enerjisinin ümumi ödənişində də yüksək göstəriciyə nail olunmuşdur. “Kürdəmir Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən dövrlərdə olduğu kimi, cari ilin son üç ayı ərzində də müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik xətlərin 4 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır. Bundan əlavə Sığırlı, Şahbəyli, Qarabucaq və digər bir neçə kənddə, eyni zamanda Kürdəmir şəhəri ərazisində 0,4 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, həmin bu xətlərin ümumilikdə 2,8 kilometri təmir olunmuşdur.
Qeyd edək ki, təmir işləri müəssisənin xidmətində olan TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə bu enerji obyektlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı 30-a yaxın müxtəlif gücdə olan tranformator da təmir olunmuşdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazilərində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 36 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 139,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizə yaxın hissəsi hesabat ayında ödənilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı isə 230 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 2 milyon 470,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 148,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin 14 faizinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Qayda pozuntularından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir”, – deyən mənbə sonda onu da qeyd etdi ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.