“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindəndir. Digər enerji obyektlərində olduğu kimi, “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş və yanğın təhlükəsizliyi ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Şəbəkədən Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Tərtər, Ağdam, Ağsu, Ucar, Göyçay, Naftalan və Goranboyun inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda cari ilin son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir.
Müəssisədən verilən məlumata görə, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 2 ədəd 220 kV-lik, 16 ədəd 110 kV-lik, 27 ədəd 35 kV-lik tranformator, müxtəlif gərginlikli 200-dən artıq yağ və eleqaz açarları təmir olunmuş, yağlar dəyişdirilərək sınaq yoxlama işləri aparılmış və istismara verilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, “Tədbirlər planı” əsasında Goranboy rayonunun elektrik enerjisi təchisatının keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ”Kürəkçay” yarımstansiyasında 20 MVA-lıq transformator 40 MVA ilə əvəzlənmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Tərtər rayonunda 35 kV-lik “İsmayılbəyli” yarımstansiyasında 2,5 MVA-lıq transformator 4 MVA-lıqla, 6,3 MVA-lıq transformator isə 10 MVA-lıqla əvəzlənmişdir. Eyni zamanda həmin bu rayonda yerləşən eyni gərginlikli “Dəmirlər” yarımstansiyasında isə 4 MVA-lıq transformator 6,3 MVA-lıqla əvəzlənmişdir. Görülmüş və davam etdirilən bu işlər rayonun elektrik enerjisi təchizatına müsbət təsir göstərir. Qeyd edək ki, 110 kV-lik “Şəhər” və “Ucar” yarımstansiyalarında da avadanlıqlar təmir edilmişdir.
Əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, balans mənsubiyyətinə aid 35 kV-lik “Karxana”, “Xanabad”, “Şirvanlı” və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və dayanıqlıq daha da möhkəmləndirilmişdir.
Onu da qeyd edək ki, həmin bu dövrdə analoji təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik I və II Ucar, I və II Yevlax və eyni zamanda 220 kV-lik Ağsu, I Mingəçevir, Qəbələ hava xətlərində də həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir işləri sistemtəşkiledici şəbəkəyə aid olan 330 kV-lik I Abşeron hava xəttinin (HX) müəssisənin xidməti ərasində olan hissəsindən də yan keçməmişdir. Belə ki, həmin bu dövrdə xəttin dayanıqlığının daha da artırılması məqsədilə burada 20-yə yaxın izolyator dəyişdirilmiş, naqillər təmir olunmuş və digər təmir işləri aparılmışdır. Paralel olaraq analoji işlər eyni gərginlikli, III və VI Mingəçevir HX-lərində də həyata keçirilmişdir. Bütün bunlarla yanaşı müəssisənin xidməti ərazisində 500 kV-lik II Abşeron HX-də həyata keçirilən müxtəlif təyinatlı təmir işləri çərçivəsində ilgəklər (şleyflər) də təmir olunmuşdur.
Sonda onu da qeyd edək ki, hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 220 və 110 kV-lik yarımstansiyaların ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar təmiz çınqıllarlarla əvəz edilmişdir.