“QAX”DA TƏMİR İŞLƏRİ APARILIB
Respublikanın enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işləri “Şəki” REŞ-dən də yan keçmədi.
Qeyd edək ki, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 14 ədəd 10 kV-lik EVX-ləri, 426 ədəd balansda olan və olmayan müxtəlif güclü transformator məntəqəlıəri və komplekt transformator məntəqələri vasitəsilə təmin olunur.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması və texniki itkilərin daha da aşağı salınması məqsədilə “Şəki” REŞ-in balans mənsubiyyətinə daxil olan “Qax” EŞ-də də bir sıra təmir işləlri aparılıb. Mənbədən bildirildiyinə görə, son üç ay ərzində 10 kV-lik “Qorağan”, “Güllük”, “İlisu”, “Elevator” və III Şəhər hava elektrik verilişi xətlərində təmir-bərpa işləri yerinə yetirilib. Burada təxminən 15 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri aparılıb, enerji xətləri normal iş rejiminə gətirilərək istehlakçıların istifadəsinə verilib.
Müvafiq işlər 0,4 kV-lik EVX-lər üzrə də aparılıb. Müəssisədən verilən məlumatda bildirilir ki, Malax, Güllük, Qıpçaq, Əmbərçay, Tasmalı, Marsan, Çüdüllü kəndlərində təxminən 10,8 kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri aparılıb. Bununla yanaşı, 21 ədəd transformator məntəqəsi təmir edilərək istifadəçilərin ixtiyarına verilib. Hazırda elektrik şəbəkəsi normal iş qrafikində fəaliyyət göstərir.
Sozügedən EŞ-dən əldə edilən məlumata görə, cari ilin may ayında müəssisənin xidməti ərazisində 53 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 306,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 18,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı 85-dən çox istehlakçının qayda pozması faktı aşkar edilərək 431,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 25,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sonda onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, hazırki iqlim şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar təmiz çınqıllarla əvəz edilmişdir.