“BALAKƏN”DƏ YÜKSƏK GÖSTƏRİCİLƏRƏ NAİL OLUNUB

Image

Ölkənin enerji obyektlərində həyata keçirilən ənənəvi  yenidənqurma işləri  “Balakən” EŞ-dən də yan keçmədi.

Qeyd edək ki, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 2  ədəd 6 kV-lik, 18 ədəd  10 kV-lik EVX-ləri, 555 ədəd balansda olan və olmayan müxtəlif güclü transformator məntəqəlıəri və komplekt transformator məntəqələri vasitəsilə təmin olunur.

Müəssisədən  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, dayanıqlığın daha da yaxşılaşdırılması və texniki itkilərin daha da azaldılması məqsədilə sözügedən EŞ-in balans mənsubiyyətinə daxil olan EVX-lərdə və TM-lərdə bir sıra təmir işləlri aparılıb. Son üç ay ərzində 10 kV-lik “Sənaye”, “Konserv”, “Xəstəxana”, “Dəmiryol”, “Qazbinə”, “Xanlar”, “Qabaqçöl”, “Ferma”, “Qazma”, “Tülü”, “M.Qaray”,  “Şəhər” və 6 kV-lik “Katex”, “İtitala” hava elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılıb. Burada təxminən 7 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri görülüb, elektrik xətləri normal iş rejiminə gətirilərək istehlakçıların istifadəsinə verilib.

Müvafiq  işlər 0,4 kV-lik EVX-lər üzrə də aparılıb. Müəssisədən verilən  məlumatda bildirilir ki, Sarıbulaq, Yenişərif, Qaysa, Xalatala, Şərif, Qazma, Hənifə, Qazbinə, İtitala, Püstətala kəndlərində təxminən 4 kilometr məsafədə əsaslı və cari təmir işləlri aparılıb. Bununla yanaşı, 22 ədəd transformator məntəqəsi təmir edilərək istifadəçilərin ixtiyarına verilib. Hazırda elektrik şəbəkəsi dispetçer qrafikinə uyğun qaydada,  normal iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, burada cari ilin may ayında keçirilmiş reydlər zamanı 24 qayda pozuntusu aşkar edilərək 43,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 58 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 5 ayı ərzində isə 100-dən artıq qayda pozuntusu aşkar edilmiş, 311,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 18,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.  Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 29 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan məbləğin ödənilməsi üçün müvafiq tədbirlər görülür.

Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.