AĞDAŞ EŞ: REYDLƏR VƏ TƏMİR İŞLƏRİ DAVAM EDİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bununla əlaqədar olaraq həmişə olduğu kimi, cari ilin son üç ayı ərzində də müəssisənin xidməti ərazilərində yenidənqurma, təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir”, - deyən “Ağdaş Elektrik Şəbəkəsi”nin məsul işçisi işlərin gedişi barəsində “Azərenerji” ASC –nin Mətbuat xidmətinə məlumat vermişdir.

Onun bildirdiyinə görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Təmir kampaniyası zamanı 10 kV-lik xətlərin 5,2 kilometri təmir edilmiş və 4 ədəd dayaq dəyişdirilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 14,3 kilometri təmir edilmiş, 3 ədəd dayaq yenisi ilə əvəzlənmiş və 8 ədəd dayaq təmir edilmişdir.

Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrindən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 12 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda bir transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Yeri gəlmişkən, sayğac uçot komplektinə nəzarəti gücləndirmək məqsədilə 100-ə yaxın yeni sayğac quraşdırılmış, 90-ı dəyişdirilmiş və 180-dən çox sayğac isə həyətdən çıxarılaraq küçədə xüsusi qutuda quraşdırılmışdır.

“Görülmüş və davam etdirilən işlər eyni zamanda kommersiya itkilərinin qarşısının alınması istiqamətində atılmış addımlardan biridir və bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, cari ilin may ayı ərzində 49 qayda pozuntusu faktı (bunun 44-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək müvafiq aktlar tərtib edilmişdir. Nəticədə 178,2 min kilovatsaata yaxın (bunun 119.5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 10,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 38 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin ötən 5 ayı ərzində isə 238 istehlakçının (bunun 217-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 747,2 min kilovatsaatdan artıq (bunun 630,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Onun da müəyyən hissəsinin ödənilməsi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.