“YEVLAX EŞ”: TƏDBİRLƏR PLANI İCRA EDİLİR
“Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının daha da möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə, o cümlədən “Yevlax Elektrik Şəbəkəsi”ndə də geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir”, - deyən sözügedən müəssisənin məsul işçisi yenidənqurma və təmir-bərpa işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verdi və bildirdi ki, rayonun elektrik enerjisi təchizatı 500 kilometrə yaxın 10 kV-lik, 816 ədəd balans və qeyri balans transformatorlar vasitəsilə həyata keçirilir.
Mənbənin bildirdiyinə görə, cari ilin son üç ayı ərzində 10 KV-lik II “Şəhər”, “Cırdaxan” və digər hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri çərçivəsində 3 kilometrdən artıq xətt təmir edilmiş, 5 ədəd dayaq yenisi ilə əvəzlənmiş və bir ədəd KRN-10 tipli yeni ayrıcı quraşdırılmışdır. 0,4 kV-lik xətlərin sözügedən dövrdə 2,8 kilometrində təmir işləri aparılmış və 3 ədəd dayaq dəyişdirilmişdir.
Qeyd edək ki, hesabat dövründə TM-lərin 10-da müxtəlif təyinatlı təmir işləri işləri həyata keçirilmiş, eyni zamanda bir transformator əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir. Bundan əlavə, 280 kilometrə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilmiş, 2400-dən artıq dayaq quraşdırılmış,150 ədəd transformator, 270-dən artıq transformator məntəqəsi təmir edilmiş və digər müvafiq işləri aparılmışdır.
“Növbəti aylarda da bu işlər davam etdiriləcəkdir. Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan maarifləndirmə və təbliğat işinə baxmayaraq, hələ də bu və ya digər şəkildə sayğac sxeminə mudaxilə halları var. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri minium səviyyədə saxlamaqdır”, - deyən mənbə aşkar edilmiş qayda pozuntuları barəsində də məlumat verdi və bildirdi ki, cari iln may ayında 20 istehlakçının (bunun 14-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 95,1 min kilovatsaata yaxın (bunun 58,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 29 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin ötən 5 ayı ərzində burada 200-dən artıq (bunun 180-dən çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu aşkar edilərək 1 milyon 597,7 min kilovatsaatdan artıq (bunun 854,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 95,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində tədbirlər görülür.
Onu da qeyd etmək yerinə düşərdi ki, qeydə alınmış qayda pozuntularında dövlət möhürlərinin zədələnməsi, sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə halı üstünlük təşkil etmişdir.