TƏDBİRLƏR ARDICILLIQLA İCRA OLUNUR

Image

“Rayonun elektrik enerjisi təchizatı 100-dən artıq 10 və 6 kV-lik elektrik verilişi xətti (EVX), ümumi gücü 257,8 MVA-dan çox olan sayı 875 olan TM və KTM vasitəsilə həyata keçirilir. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Salyan” EŞ-də də  istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Gələcəkdə də istehlakçıları daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi və texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra olunacaqdır. Həmişə olduğu kimi, cari ilin son üç ayında da müəssisəmizin xidməti ərazilərində təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir”,- deyən sözügedən müəssisənin məsul işçisinin  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumata görə,  həmin bu dövrdə EVX-lərin 2,2 kilometrdən artıq hissəsində təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 7 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış və eyni sayda ümumi gücü 0,7 MVA-ya yaxın olan transformatorlar da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması üçün xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 202,1 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 12,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmiş debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, burada cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı 330-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 2 milyon 253,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 135,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 68 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.