“BİLƏSUVAR EŞ”: QAYDA POZUNTULARININ QARŞISI ALINIR

Image

“İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu məqsədlə də digər energetika müəssisələrində olduğu kimi “Biləsuvar Elektrik Şəbəkəsi”nin də (EŞ) balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılır.”

Bu barədə sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, cari ilin son üç ayı ərzində xidməti ərazidəki 10 kV-lik xətlərin 10,1 kilometri, 0,4 kV-lik xətlərin isə 6,2 kilometrə yaxın hissəsi təmir edilmişdir. Sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmidir. O cümlədən, 36 TM-də cari təmir işləri aparılmış, ümumi gücü 1,3 MVA-dan artıq olan 5 ədəd transformator isə təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 75,2 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 4,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğlə yanaşı, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyənhissəsinin ödənişi hesabat ayında təmin edilmişdir.

Onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində isə 100 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 409,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 24,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 78 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən əldə etdiyimiz digər məlumata istinadən qeyd edək ki, qayda pozuntularından elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  abonent (qeyri əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Sonda onu da qeyd edək ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.