İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLİB
“Yardımlı Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, hazırda əsas diqqət payız-qış mövsümü ilə əlaqədar tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə yönəldilib. Əsas məqsəd, hər il olduğu kimi, növbəti ilin qış aylarında ds istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Hazırda rayonun enerji təsərrüfatında mühüm təmir-bərpa işləri davam etdirilir. Elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin olunması məqsədilə yarımstansiyalarda yağ açarları, transformatorlar təmir edilir.
Bu ilin beş ayı ərzində 35/10 kV-lik «Aruz» yarımstansiyasında 3 saylı fiderin, 35/10 kV-lik «Yeni Yardımlı» yarımstansiyasında isə 6 saylı fiderin yağ açarı təmir edilib. 35 kV-lik «Masallı-Aruz» hava xəttində 2 anker, 3 ədəd dirək yenidən qurulub. Bu xətt boyunca 10 km məsafədə budama işləri həyata keçirilib. Ümumiyyətlə, bu ilin beş ayı ərzində 10 kV-lik xətlərdə 85 ədəd dayaq, 10 km uzunluğunda naqil, 0,4 kV-lik xətlərdə isə 65 ədəd dayaq dəyişdirilib. Həmçinin 0,4 kV-lik xətlərin 10 km məsafəsi əsaslı təmir edilib. Şəbəkənin balansında olan 204 ədəd transformator məntəqəsinin 25-də təmir işləri aparılıb, bunlardan 6-sı dəyişdirilib. Garvan, Kürəkçi, Arvana, Vərgədüz kəndlərində müxtəlif güclü transformatorlar daha güclü transformatorlarla əvəz olunub. Avaş, Perimbel kəndlərinin hərəsində isə bir transformator təmir edilib. Görülən zəruri tədbirlər nəticəsində istismar səviyyəsi yüksəlib, istehlakçıların elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaranıb.