“CƏLİLABAD EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
“Enerjisistemin bütün müəssisələri kimi bizim müəssisənin də balans mənsubiyyətinə aid olan yarımstansiyalarda, transformator məntəqələrində mütəmadi olaraq yenidənqurma və təmir işləri davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri də günün tələbləri səviyyəsində yerinə yetirilir”, - deyən “Cəlilabad Elektrik Şəbəkəsi”nin (EŞ) məsul işçisi təmir işləri və istehlakçıların sayğac uçot komplektində aşkar edilmiş qayda pozuntularına görə görülmüş tədbirlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat vermişdir.
Mənbənin bildirdiyinə görə, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində həyata keçirilən yenidənqurma işləri çərçivəsində smartkart tipli sayğacların quraşdırılması məqsədilə 1,9 kilometrdən artıq koaksal, 34,6 kilometrdən çox SİP kabel xətti çəkilmişdir.Eyni zamanda10, 6 və 0,4 kV-lik EVX-lərin ümumilikdə 9,8 kilometrdən artıq hissəsi təmir edilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrinin 38-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbədən daxil olan məlumatda o da bildirilir ki, cari ilin may ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 30 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 86,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 33 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 5 ayı ərzində isə 256 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 964,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 57,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də 28 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, burada elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Yeri gəlmişkən, rayonun elektrik enerji təchizatı 46 ədəd 10 kV-lik, ümumi gücü 157,7 MVA-ya yaxın olan 864 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.