REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şamaxı” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 82 istehlakçının (bunun 73-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 224,5 min kilovatsaatdan artıq (bunun 49,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 13,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yenidənqurma və təmir işlərinə gəldikdə isə mənbə qeyd etdi ki, rayonun elektrik enerjisi təchizatı 40 ədəd 10 kV-lik EVX və ümumi gücü 118,1 MVA-dan artıq olan 624 ədəd transformator məntəqəsi (TM) vasitəsilə həyata keçirilir. Cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilmiş təmir işləri çərçivəsində 4,3 kilometrdən artıq naqil və 54 ədəd dayaq yenisi ilə əvəzlənmiş, 500 metr SİP kabel xətti çəkilmiş və 14 ədəd dayaq təmir edilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müxtəlif gücdə olan 4 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri sözügedən EŞ-in enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.