TƏMİR İŞLƏRİ APARILIR

Image

“Qazax Elektrik Şəbəkəsi”nin kollektivi cari ilin ötən aylarında elektrik enerjisinin dayanıqlığının daha da artırılması, istismar keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib və proses bu gün də davam etdirilir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  şəbəkənin balansında olan 10, 6 və 0,4 kV-lik elektrik verilişi xəttinin 2 kilometrə yaxın hissəsi əsaslı təmirdən çıxarılıb. Bununla yanaşı, 5 kilometrə yaxın 6-10 kV-lik, 8 kilometrdən çox  0,4 kV-lik elektrik verilişi xətlərinin cari təmiri başa çatıb.

“Rayon böyüyür, yeni-yeni mənzillər inşa olunur”, - deyən mənbə onu da vurğuladı ki, sakinlərin müraciətlərinə əsasən cari ilin beş ayı ərzində 113 abonentin ünvanına birfazlı yeni sayğac quraşdırılıb. Eyni zamanda 38 dayaq yenisi ilə əvəz edilib. Şəbəkədən bildirildiyinə görə, tərtib olunmuş plan-qrafikə əsasən rayonun ən problemli ərazilərindəki elektrik təsərrüfatının cari və əsaslı təmiri ön plana çəkilir. Yay mövsü­münün gəlişi ilə əlaqədar şəbəkənin yarımstansiyalarına, xətt və avadanlıqlarına təkrar baxışlar keçirilir. Təmir olunmuş transformatorların sayı isə 29 ədəd təşkil edib.

Mənbəyə istinadən onu da qeyd edək ki, «Qazax-1» yarımstansiyasında bir ədəd vakuum açarı yenisi ilə əvəz edilib. Rayonun Kosalar, Xanlıqlar, Şıxlı, Ağköynək, Çaylı kəndlərini elektrik enerjisi ilə qidalandıran xətt və avadanlıqlarda xeyli yenilənmə işləri görülüb. 9 ədəd yeni ayırıcı quraşdırılıb.

Uzunluğu 18 kilometr olan  «Qazax-2» hava xəttinin dörd budaqlanmasının ikisində texniki istismar səviyyəsinin yüksəldilməsi məqsədilə 2 ədəd RLND tipli xətt ayırıcısı quraşdırılıb.  Texniki itkilərin azaldılması məqsədilə 400 kV-lik transformator sxemdən çıxarılıb, onun üzərində olan abonentlərin xətti daha güclü, lakin az yüklənmiş 630 kV-lik transformatorun üzərinə keçirilib.

Sonda onu da qeyd edək ki, “Qazax Elektrik Şəbəkəsi”nin balansında olan 18 yarımstansiyada qrafik üzrə təmir işləri görülür. «Göyəzən», «Xramçay», «Daş Salahlı», «Qazax-1» yarımstansiyalarında növbəlik əsasında cari və əsaslı təmir işləri həyata keçirilir.