YAZ TƏMİR KAMPANİYASI VÜSƏT ALIB

Image

Digər müəssisələr kimi «Gəncə Regional Elektrik Şəbəkəsi»nin tərkibindəki elektrik şəbəkələrində də yaz təmir kampaniyasının qızğın çağıdır. Sərt qışın sınağından uğurla çıxan təmirçilər elektrik avadanlıqlarının dayanıqlığı üçün zəruri olan tədbirləri həyata keçirir, transformator məntəqələrində, yarımstansiyalarda və elektrik verilişi xətlərində cari və əsaslı təmir işlərini tərtib edilmiş tədbirlər planına uyğun yerinə yetirirlər.

Gəncə Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, havanın istiləşməsi ilə əlaqədar EVX-lərdə, transformator məntəqələrində, elə­cə də yarımstansiyaların ərazilərində son vaxtlar xeyli işlər görülüb. Yeni tikililərin SİP kabel, dayaq və sayğaclarla təminatı yaxşılaşdırılıb. 13,5 km-dən çox 04 kV-lik SİP kabeli çəkilib, 28 ədəd 6-10 kV-lik, 513 ədəd isə 04 kV-lik dayaq istifadəyə verilib. 1 ədəd 160 KVA-lıq transformator məntəqəsi fəaliyyətə başlayıb.

Mənbəyə istinadən qeyd edək ki, 35 ədəd transformator məntəqəsi, 1,6 km uzunluğunda 6-10 kV-lik elektrik verilişi xətti cari təmirdən çıxarılıb və 250 kVA gücündə bir transformator əsaslı təmir olunub. Qarşıda duran təmir kampaniyası aylarında sözügedən müəssisə istehlakçılara daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi verilməsini təmin etmək üçün zəruri addımlar atacaq. Bu isə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm amildir.