İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YAXŞILAŞDIRILIR

Image

Bütün aidiyyəti energetika müəssisələrində enerjisistemin dayanıqlılığının daha da möhkəmləndirilməsi, ötürülən elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə tərtib olunmuş tədbirlər planında nəzərdə tutulmuş təmir-sazlama və sınaq işləri uğurla yerinə yetirilir. Ümumiyyətlə, tələbatçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması energetiklərin qarşısında duran mühüm vəzifədir. O cümlədən, Göygöl rayonununda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilir. Bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib.

“Göygöl Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin son aylarında əsaslı yenidənqurma işlərinə vüsət verilib. Layihə institutunun hazırladığı plana əsasən, rayon mərkəzinin əsas küçələrində bütün kommunal xətlər – su, qaz, kanalizasiya, enerji xətləri yenidən qurulur. Küçə işıqlandırılmasının enerji təminatı da daxil olmaqla kommunikasiya xətləri yerin altına  keçirilir. Bu, təhlükəsizlik, təmizlik və ekoloji baxımdan əhəmiyyətlidir. SİP kabellər, yüksək gərginlikli xətlər və 04 kV-lik xətlər yenidən yeraltı xətlərlə əvəz olunur.

Mənbəyə istinadən qeyd edək ki, rayon mərkəzində  və kəndlərdə nə qış mövsümündə, nə də yaz yağışları və daşqınları zamanı elektrik təsərrüfatına ciddi ziyan dəyməyib, enerji verilişində fasilə yaranmayıb.

Mənbə onu da bildirdi ki, hazırda elektrik verilişi xətlərinin mühafizə zonaları, yarımstansiyaların ərazisi yaşıl küt­lədən təmizlənir, yanğın təhlükəsini qabaqlamaq üçün müvafiq işlər gö­rülür, 35 kV-lik xətlərə baxış keçirilir, qüsurlar aradan qaldırılır.

Xatırladaq ki, rayon mərkəzi 35 kV-lik «Göygöl-1», kəndlər isə «Göygöl-2» yarımstansiyaları vasitəsilə elektrik enerjisi ilə təchiz olunur.