“AĞDAM EŞ”: REYDLƏR KEÇİRİLİR
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Ağdam” EŞ-in əməkdaşları tərəfindən də belə halların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, burada 2012-ci ilin aprel ayında keçirilmiş reydlər zamanı 165 istehlakçının (bunun 110-dan çoxu məişət abonenti (əhali) istehlakçılarına aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 1 milyon 887,3 min kilovatsaata yaxın (bunun 624,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 113,2 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 21 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisə üzrə 352 qayda pozuntusu (bunun 263-ü məişət abonenti (əhali) istehlakçılarına aiddir) aşkar edilərək 2 milyon 904,1 min kilovatsaata yaxın (bunun 1 milyon 149,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 37 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.
“İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə Ağdam elektrik şəbəkəsində də mühüm addımlar atılır. Bu da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə və digər texniki iqtisadi göstəricilərdə yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır”, – deyən mənbə onu da bildirdi ki, şəbəkənin balans mənsubiyyətinə aid olan 10 kV-lik xətlərin uzunluğu 424 kilometrə yaxın, balansda olan və olmayan transformatorların sayı isə 1290-dan artıqdır.
Onu da qeyd edək ki, cari ilin son üç ayı ərzində 10 kV-lik EVX-lərdə həyata keçirilmiş təmir işləri zamanı 2,8 kilometr uzunluğunda xətt çəkilmiş, 3,9 kilometr xətt təmir edilmiş, 15 ədəd traves quraşdırılmış və 16 ədəd dayaq dəyişdirilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin 2,4 kilometrə yaxın hissəsi dəyişdirilmiş, 2,7 kilometrdən artıq xətt isə təmir edilmişdir. Bütün bunlarla yanaşı həmin bu dövrdə 18 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, 3 ədəd transformator isə təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlarından təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.