İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR

Image

Masallı energetikləri və enerji təchizatçıları öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Cari ilin son üç ayında rayonda enerjinin istehlakçılara çatdırılmasında və dəyərinin ödənilməsində uğurlu addımlar atılıb. İstismar səviyyəsinin yüksəldilməsi  enerji haqlarının ödənişində müsbət dəyişiklik yaradıb.

“Masallı Elektrik Şəbəkəsindən“ (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu istiqamətdə atılan addımlar sırasına yenidənqurma tədbirləri ilə əlaqədar smartkart tipli sayğacların quraşdırılması məqsədilə 3,3 kilometrdən artıq koaksal kabel çəkilmiş və 0,4 kV-lik xətlərin 12,7 kilometrə yaxını SİP tipli kabellə əvəzlənmiş və 3 kilometr xətt isə əsaslı təmir edilmişdir. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik xətlərin 3,8 kilometrdən artıq hissəsi yenidən qurulmuş, 2,8 kilometri isə əsaslı təmir olunmuşdur.

Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan tansformator məntəqələrinin (TM) 19-da yenidənqurma işləri aparılmış, 24 ədədi  əsaslı təmir olunmuş və bir ədəd transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Yeri gəlmişkən, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 55 ədəd 10 kV-lik EVX və ümumi gücü 182,5 MVA-ya yaxın olan 1123 ədəd TM və KTM vasitəsilə hyata keçirilir.

Şəbəkə rayonundan o da bildirilir ki, havanın istiləşməsi energetiklərin həyata keçirəcəkləri işin həcmini artırıb. Belə ki, yaz mövsümündə müxtəlif gücə malik xətlərin trassası yaşıl kütlədən təmizlənir.

Digər yenidənqurma və təmir işləri barəsində məlumat verən mənbə onu da bildirir ki, bütün bunlar həm də elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınmasına xidmət edir.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 34 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 128,3 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 7,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 46 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə burada 210 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 774,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 46,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Bu məbləğin də 30 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.