MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR BƏHRƏ VERİR
Ərazidə baş verən sürüşmə elektrik enerjisi təsərrüfatına da ciddi zərər vurub. Lakin əməkdaşlarımız tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qəzalı vəziyyət qısa zamanda aradan qaldırılıb. Sürüşmə zonasında 10 və 0,4 kV-lik şəbəkədə 3 dayaq yenisi ilə əvəz edilib, 25 əyilmiş dayaq düzəldilib və yaxud yeri dəyişdirilib. Hazırda sürüşmə zonasında vəziyyət sabitləşib. Bununla belə, şəbəkənin əməkdaşları tərəfindən bütün elektrik verilişi xətlərinə mütəmadi olaraq baxış keçirilir.
Şamaxı Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin birinci rübündə rayonun elektrik təsərrüfatında xeyli iş görülüb. Elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb. Belə ki, 35 kV-lik “Çarhan”, “Meysəli” və “Hacıqədirli” yarımstansiyaların hər birində ayırıcılar yağ açarları ilə əvəz olunb. Eyni gərginlikli «Pirqulu» yarımstansiyasında isə əsaslı yenidənqurma işləri həyata keçirilib. Burada 35 kV-lik yeni qapalı-paylayıcı qurğu inşa edilərək istismara verilib, həmçinin bir ədəd 1,6 MVA gücündə ikinci transformator quraşdırılıb. Yarımstansiyanın 10 kV-lik qapalı-paylayıcı qurğusı da genişləndirilərək əsaslı təmir olunub, köhnəlmiş yağ açarları yeni eleqaz açarları ilə əvəz olunub. «Pirqulu» yarımstansiyasında yenidənqurma işləri hazırda davam etdirilir.
Qeyd edək ki, sözügedən dövr ərzində elektrik verilişi xətlərində də təmir işləri aparılıb: 10 kV-lik xətlərdə 48 dayaq, 3,9 kilometr naqil, 0,4 kV-lik xətlərdə isə 18 dayaq, 900 metr naqil dəyişdirilib. Bundan başqa, 9 ədəd transformator təmir olunub.
Onu da qeyd etmək yerinə düşərdi ki, yaz fəsli ilə əlaqədər şəbəkədə bir sıra qabaqlayıcı tədbirlər də yerinə yetirilib. Sel daşqınları ilə əlaqədar bütün çay yataqlarının ərazilərindən keçən xətlərin dayaqları yoxlanılıb və təhlükə yarada biləcək dayaqların dibi bərkidilib.