PEŞƏKARLIĞA DİQQƏT ARTIRILIR

Image

 

Respublikamızın şimal bölgəsində elektrik enerjisinə olan tələbat tam və dayanıqlı şəkildə ödənilir.  Bir neçə il əvvəl tikilib istismara verilmiş Xaçmaz və "Şahdağ"  elektrik stansiyaları bölgə istehlakçılarının keyfiyyətli elektrik enerjisi ilə fasiləsiz təchizatında mühüm rol oynayır.

Xaçmaz Elektrik Stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında 34,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 600 min kilovatsaata yaxın çoxdur.

Qeyd edək ki, cari ilin birinci rübü ərzində müəssisədə 117 milyon kilovatsaat proqnoza qarşı 118,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur.

Mənbə onu da bildirdi ki, bütün yağ çənlərinə, əsas yağ avadanlıqlarına qızdırıcıların qoyulması, su borularının izolyasiya olunması, həmçinin su nasosxanasının əlavə güclü qızdırıcılarla təmin edilməsi nəticəsində  ötən payız-qış mövsümündə stansiyanın soyutma, yağ və qaz sistemlərində nasazlıqlar müşahidə edilməyib. İstismarda olan aqreqatlar tam işçi vəziyyətdədir.  Sadəcə, zərurət yarandığı hallarda növbəli şəkildə aqreqatlara texniki qulluq həyata keçirilib.

Yeri gəlmişkən, bu ilin başlanğıcından stansiyanın texniki imkanlarının daha da gücləndirilməsi məqsədilə növbəti - 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq tədbirləri yüksək səviyyədə icra olunmaqdadır. Fevral ayından başlayaraq, qaz və su borularının izolyasiyaları yenilənib. Nasosxananın yeniləşdirilməsi istiqamətində də lazımi tədbirlər görülüb.

Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisədə baş verə biləcək ekstremal hallara qarşı zəruri mübarizə tədbirlərinin görülməsi məqsədilə işçi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsinə də diqqət artırılıb. Belə tədbirlərdən biri  bu günlərdə reallaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin  Xaçmaz rayonu üzrə ərazi idarəsi ilə bağlanan müqavilə əsasında qəza məşqi keçirilib. Bir ədəd transformatorda şərti yanğın nəzərdə tutularaq onun köpük vasitəsilə söndürülməsi tədbiri həyata keçirilib ki, bu da heyətin peşəkarlığının artırılmasına xidmət edir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyanın texniki zəmanət müddəti artıq başa çatıb. Ötən dövr ərzində istismarda diqqətçəkici problemlər yaşanmayıb. Bunun da başlıca səbəblərindən biri işçi heyətin peşəkarlığının yüksək səviyyəyə çatdırılması, onların istənilən vəziyyətdə avadanlıqla necə davranmaq lazım gəldiyini yüksək səviyyədə icra etmək bacarığına malik olmalarıdır. Hər hansı qüsur müşahidə edildikdə isə  işçi heyətin birgə səyi nəticəsində aradan qaldırılır. Bu da aqreqatların normal istismarına müsbət təsirini göstərir.