DAYANIQLIQ TƏMIN OLUNUR
Cari ilin birinci rübü “Füzuli Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi üçün də uğurlu olub. EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil oıan məlumata görə, istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün müəssisənin xidməti ərazisində olan bütün hava elektrik verilişi xətlərində, eləcə də yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb. Bu müddət ərzində "Mahmudlu", "Böyük Bəhmənli" və "Horadiz" yarımstansiyalarındakı güc transformatorları cari təmir edilərək ümumilikdə 1,2 ton transformator yağı əlavə edilib. Eyni zamanda qış mövsümü ilə əlaqədar artıq yükləmə nəticəsində müxtəlif vaxtlarda yanaraq sıradan çıxmış 13 ədəd transformator da təmir edilmişdir. Bütün bunlarla yanaşı 10 kV-lik "Qazaxlar" və "Böyük Bəhmənli" xətlərində hava şəraiti ilə əlaqədar sıradan çıxan 10 kV-lik cərəyan transformatorları yeniləri ilə əvəz edilib. 10 kV-lik "Mahmudlu" hava xəttində qabariti normallaşdırmaq məqsədi ilə 1 ədəd dəmir-beton dayaq quraşdırılıb, xeyli sayda izolyator və 300 kq naqil dəyişdirilib.
Yeri gəlmişkən, 2012-ci il mart ayında rayon ərazisində baş vermiş təbii fəlakət nəticəsində şəbəkənin elektrik təsərrüfatına ciddi ziyan dəyməsinə baxmayaraq, qısa zamanda istehlakçılara enerji verilməsi bərpa olunub. Belə ki, 10 kV-lik elektrik verilişi xətlərində 75 ədəd sınmış dəmir-beton dayaqlar yeniləri ilə əvəz edilib, 96 ədəd dəmir travers dəyişdirilib, izolyatorlar və naqillər yenilənib. 0,4 kV-lik xətlərdə 58 ədəd əyilmiş dayaqlar bərpa edilib. 110 kV-lik "Yeni Beyləqan- Şükürbəyli" hava xəttində əyilmiş və sınmış aralıq dayaqlar düzəldilib, 35 kV-lik "Mahmudlu-Böyük Bəhmənli" hava xəttində yararsız hala düşmüş 66 saylı anker boru dayaq yenisi ilə əvəz edilib, 50-57 saylı anker boru dayaqlararası qırılmış naqillər bərpa edilib, 35 kV-lik "Horadiz-Böyük Bəhmənli" hava xəttində 73-77 və 85-90 saylı dəmir anker dayaqlar arasında qırılmış naqillər bərpa edilib.
Qeyd edək ki, yeni salınmış yaşayış massivlərində güc azlığı nəzərə alınıraq 1 ədəd 400 kVA-lıq transformator Birinci Mahmudlu kəndində, 1 ədəd 630 kVA-lıq transformator Qayıdış-19 qəsəbəsində, 1 ədəd 250 kVA-lıq transformator Şükürbəyli kəndində, 1 ədəd 400 kVA-lıq transformator İkinci Mahmudlu kəndində və 1 ədəd 400 kVA-lıq transformator Əhmədallar kənd məktəbində quraşdırılaraq istehlakçıların istifadəsinə verilib.