REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Şabran elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 14 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 59,7 min kilovatsaatdan artıq (bunun 18,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,6 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 65 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 34 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 77,8 min kilovatsaatdan artıq (bunun 35,8 min kilovatsdaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 51 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan qisminin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Siyəzən EŞ-dən əldə edilən məlumata görə, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 7 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 14,5 min kilovatsaata yaxın (bunun 13,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.
Yeri gəlmişkən, cari ilin I rübü ərzində müəssisə üzrə 36 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 146,2 min kilovatsaata yaxın (bunun 68,9 min kilovatsdaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 8,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.