REYDLƏR NƏTİCƏ VERİR

Image

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Göyçay” və “Goranboy” EŞ-lərinin xidməti ərazilərində də davam etdirilir.

Göyçay EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 33 istehlakçının (bunun 29-u məişət abonenti (əhali) istehlakçılarının payına düşür) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 115,5 min  kilovatsaata yaxın (bunun 104 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarının payına düşür) itirilmiş elektrik enerjisinin 6,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə burada 110-a yaxın qayda pozuntusu (bunun 97 ədədi məişət abonenti (əhali) istehlakçılarının payına düşür)  aşkar edilərək 359,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin (bunun 314,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarının payına düşür)  21,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 12 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Goranboy EŞ-dən əldə edilən məlumata görə, cari ilin mart ayında müəssisənin xidməti ərazisində 43 istehlakçının (bunun 24-ü məişət abonenti (əhali) istehlakçılarının payına düşür) sayğac uçot komplektində qüsur aşkar edilərək 397,9 min kilovatsaata yaxın (bunun 76,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarının payına düşür) itirilmiş elektrik enerjisinin 23,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı isə 170-dən çox istehlakçının (bu göstəricinin 142-si məişət abonenti (əhali) istehlakçılarına aiddir) qayda pozması faktı aşkar edilərək 881,9 min kilovatsaata yaxın (bu göstəricinin 454,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 52,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.