TƏSİRLİ TƏDBİRLƏRİN NƏTİCƏSİ

Image

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nəzarət qrupları və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı sayğac sxemlərinə müdaxilə halları aşkarlandıqda həmin istehlakçılara qarşı sərt tədbirlər görülür.

Neftçala elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin mart ayında keçirilmiş reydlər zamanı 23 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 98,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin  5,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 67 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 55 qayda pozuntusu aşkar edilərək 212,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Hacıqabul EŞ-dən əldə edilən məlumata görə isə, müəssisənin xidməti ərazisində cari ilin mart ayında  keçirilmiş reydlər zamanı 1 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 16,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 993 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 75 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, sözügedən müəssisədə cari ilin I rübü ərzində 25 qayda pozuntusu faktı aşkar edilərək 327,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 19,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 12 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, hər iki müəssisədən (“Neftçala” və “Hacıqabul” EŞ-lərdən) qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Sonda hər iki mənbə onu da bildirdi ki, bərpa edilmiş istehlak dəyərinin ödənişinin tam təmin edilməsi üçün həmin istehlakçılara xəbərdarlıq edilmiş, bəziləri barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmiş və hətta cari ilin I rübü ərzində sözügedən müəssisələrin xidməti ərazisində aşkar edilmiş qayda pozuntusuna görə 4 məhkəmə mübahisəsi olmuşdur.