REYDLƏR NƏTİCƏ VERİR
Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Sabirabad” və “Zərdab” EŞ-in əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
Sabirabad EŞ-də “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 150-dən artıq istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 940,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 56,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 23 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı isə 410 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 141,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 128,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 15 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Zərdab EŞ-dən əldə edilən məlumata görə, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 4 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 11,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 669 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 88 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, burada cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 34 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 112,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 53 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, hər iki müəssisədən (“Sabirabad” və “Zərdab” EŞ-lərdən) qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.