DAYANIQLIQ ARTIR, KEYFİYYƏT YÜKSƏLİR

Image

Enerjisistemdə yenidənqurma işləri yüksək sürətlə davam etdirilir. Yüksək gərginlikli elektrik şəbəkələrinin texniki inkişafında da bu aydın müşahidə edilir. Enerjisistemin dayanıqlığının təmin edilməsi və tələbatçılara keyfiyyətli elektrik enerjisinin ötürülməsi üçün ən vacib olan işlər həyata keçirilməkdədir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Bakı şəhərində, ümumilikdə isə Abşeron yarımadasında tələbatçıların daha da keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə hazırda “Sumqayıt”, "Şimal" və inşaat işləri yekunlaşmaqda olan "Cənub", eləcə də tikintisi nəzərdə tutulan "Böyük Şor" elektrik stansiyalarını əlaqələndirəcək 220 kilovoltluq "Zabrat" və "Böyük Şor" yarımstansiyalarının tikinti işləri həyata keçirilir. Paralel olaraq "Cənub" ES - "Səngəçal" YS - "Böyük Şor" YS, "Abşeron" YS - "Böyük Şor" YS, "Zabrat" YS - "Şimal" - "Sənaye qovşağı" - "Sumqayıt" ES, "Hövsan" - "Şimal" ES elektrik verilişi xətlərinin tikinti işlərinə başlanıb.

Qeyd edək ki, yenidənqurma istiqamətində də mühüm işlər görülməkdədir. Sumqayıt şəhərində olan 110 kV-lik "Kimyaçılar" yarımstansiyasında 2 ədəd yeni 80 MVA-lıq transformatorun, 220 kV-lik "Müşfiq" yarımstansiyasında 250 MVA gücündə 3-cü avto-transformatorun quraşdırılması həyata keçirilir. Bakı şəhərinin Səbail, Nəsimi və Yasamal rayonlarının enerji təchizatını yaxşılaşdırmaq üçün  "Müşfiq" yarımstansiyasında ikidövrəli 110 kilovoltluq "Səngəçal - Müşfiq" xəttinin tikintisi də başa çatmaq üzrədir.

Onu da qeyd edək ki, uzun illərdən bəri istismar olunan 330 kV-lik III və IV "Abşeron" hava xətlərinin də yeniləşdirilməsi prosesi keçən il başa çatdırılıb. Hazırda 220 kV-lik I və II "Mingəçevir"  elektrik verilişi xətlərinin yenidən qurulması davam etdirilir. Bütün bunlarla yanaşı 220 kV-lik "Ağdaş", 330 kV-lik "Goranboy-İmişli" hava xətlərinin və Goranboyda paylayıcı məntəqənin tikinti işlərinə başlanıb.

Yeri gəlmişkən, "Hövsan", "8-ci km", "Zığ", "Səngəçal" "Sənaye qovşağı", "Sabirabad", "Ağsu"  və digər yarımstansiyaların istismar vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə buradakı elektrik avadanlıqları yeniləri ilə əvəz olunur. "183" saylı, "Sitalçay", "Masallı"  və "İmişli" yarımstansiyalarında da analoji yenidənqurma tədbirləri həyata keçirilir.