REYDLƏR DAVAM ETDİRİLİR
Samux elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 33 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı qeydə alınmışdır. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 335,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 20,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə sözügedən qayda pozuntusuna görə burada 82 akt tərtib olunmuş, 576,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 34,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 38 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Daşkəsən EŞ-də isə, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 7 istehlakçının sayğac uçot komplektində pozuntu faktı qeydə alınmışdır. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 4,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 278 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğlə yanaşı, ötən aylardan da aktlara görə yaranmış debitor borcun müəyyən hissəsinin də ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 38 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 120,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Yeri gəlmişkən, sözügedən şəbəkələr üzrə cari ilin I rübü ərzində aşkar edilmiş qayda pozuntularına görə, “Samux” EŞ-dən 6, “Daşkəsən” EŞ-dən isə 5 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.