PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİ YENİDƏN QURULUR

Image

İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə  təchiz edilməsi, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə  digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Sumqayıt” və “Şamaxı” EŞ-lərinin də elektrik şəbəkələrində müvafiq təmir işləri həyata keçirilir. Nəticədə istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə nail olunur.

Sumqayıt EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində müəssisənin xidməti ərazisində olan 10, 6 və 0,4 kV-lik elektrik verilişi xətlərində, transformator məntəqələrində müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri  həyata keçirilmişdir. Belə ki, mövcud transformator məntəqələrinin (TM) dayanıqlığının daha da artırılması, eyni zamanda TM-lər arasında güc ötürmək üçün əlaqələrin yaradılması məqsədilə aparılmış yeninənqurma işləri çərçivəsində 2 kilometrə yaxın 10 və 6 kV-lik kabel xətti çəkilmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkələrin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə 7,5 kilometrdən artıq xətt SİP kabellə əvəzlənmiş, sayğac uçot sisteminə nəzarətin daha da möhkəmləndirilməsi tədbirləri çərçivəsində 6,4 kilometr SİP kabel xətti çəkilmişdir. Bütün bunlarla yanaşı, hazırda 4-cü mikrorayonda mövcud 0,4 kV-lik hava EVX-lərinin (HEVX) bir kilometrdən artıq hissəsi SİP kabellə əvəzlənmiş və bu işlər davam etdirilir. Ümumiyyətlə, sözügedən ərazidə bütün 0,4 kV-lik HEVX-lərin SİP kabellə əvəzlənməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, sözügedən dövrdə yenidənqurma işləri ilə bağlı bir neçə yeni güc mərkəzləri yaradılmışdır. Eyni zamanda mövcud TM-lərin də gücünün artırılması diqqətdən kənarda qalmamışdır. Buna 135, 111, 38, 31, 35 saylı və digər bir neçə TM-lərdə istismarda olan transformatorların daha güclüsü ilə əvəzlənməsini göstərmək olar. Bütün bunlarla yanaşı hesabat dövründə xeyli sayda transformator təmir edilərək şəbəkəyə qoşulmuş və ümumilikdə 45-dən artıq TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Şamaxı EŞ-in xidməti ərazisində də qeyd olan dövr ərzində müxtəlif təyinatlı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. O cümlədən, 35 kV-lik “Haçıqədirli” və “Meysəri” yarımstansiyalarının hər birində yeni yağ açarları quraşdırılmışdır. Eyni zamanda 10 kV-lik EVX-lərdə aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 3 kilometrə yaxın xətt dəyişdirilmiş və 120-dən artıq dayaq təmir edilmişdir.

Onu da qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də təmir işləri aparılmış və 5 ədəd müxtəlif gücdə transformator təmir olunaraq yenidən istehlakçıların istifadəsinə verilmişdir.