UÇOT SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DİQQƏT ARTIRILIR
Beyləqan rayonu ərazisində, elektrik enerjisi istisna olmaqla, digər alternativ enerji növlərinin olmaması istər-istəməz sərfiyyatın artmasına təsirini göstərir. Təbii qaz təchizatı olan yaşayış məntəqələri ilə müqayisədə sərfiyyat daha çox artır. Bu il qışın daha sərt keçməsi isə hazırlıq səviyyəsinin vəziyyətinə bir daha aydınlıq gətirdi. Keçən il rayonun elektrik şəbəkəsi kollektivinin birgə səyi nəticəsində görülən tədbirlər nəticəsini göstərdi. Bu isə özünü ciddi açılma hallarının müşahidə olunmamasında büruzə verdi.
“Beyləqan Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, havaların soyuq keçməsinə, sərfiyyatın artmasına baxmayaraq, elektrik enerjisi verilişində fasilə yaranmayıb. Bu məsələdə “İmişli REŞ” tərəfindən verilən 3 ədəd ehtiyat transformatorun da rolu böyükdür. İstənilən transformator məntəqəsində nasazlıq aşkarlanan kimi, onlar ehtiyatda saxlanılanlarla əvəz olunur və qüsuru olanlar təmirə cəlb edilir.
Qeyd edək ki, 110 kilovoltluq "Daşburun" yarımstansiyasında istismar olunan, hər biri 10 MVA-lıq iki ədəd transformatorun 16 MVA-lıqla əvəz olunması nəzərdə tutulur. Artıq həmin transformatorlardan bir ədədi əraziyə gətirilib. Ondan əlavə, bu yarımstansiyadan qidalanan 9 fider üzrə həyata keçiriləcək tədbirlərlə bağlı inventarlaşdırma aparılır.
Yeri gəlmişkən, uçot sisteminin təşkili də şəbəkə qarşısında dayanan mühüm vəzifələrdəndir. Artıq bu yöndə olan tədbirlər əsasən yerinə yetirilib. Bununla belə, istismar zamanı qüsurlu olması aşkarlanan, yaxud sıradan çıxmış sayğacların da yeniləri ilə əvəz olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən onu da qeyd edək ki, şəbəkə kollektivinin məsuliyyətini daha da artıran məsələlərdən biri də rayon ərazisində yerli sakinlərlə yanaşı, 15 min nəfərə yaxın məcburi köçkünün məskunlaşması və onlara da enerji təchizatı xidmətinin göstərilməsidir. Bu da təxminən 3628 ailə deməkdir. Sayğac göstəricisinə baxdıqda onların dövlət tərəfindən ayrılan limitdən dəfələrlə çox elektrik enerjisi sərf etdikləri aşkarlanır. Buna görə də müvafiq ərazilərdə smart-kart tipli sayğacların quraşdırılması məqsədəuyğun sayılır.
Sonda onu da qeyd edək ki, istismar işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi də diqqətdə saxlanılır. Elə bu səbəbdən də şəbəkə üzrə istehsalat zədələnmələri və bədbəxt hadisələrin baş verməsi müşahidə olunmayıb.