AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR
Enerjitəchizatı müəssisələrinin elektrik enerjisinə olan tələbatının daha da dayanıqlı və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə həyata keçirilən təmir işləri uğurla davam etdirilir. “Şəmkir SES Silsiləsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həmişə olduğu kimi, cari ilin I rübündə də avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislər tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunurlar. Bütün avadanlıqlar diqqətdə saxlanılır.
Mənbədən əldə etdiyimiz məlumata görə, cari ilin mart ayında müəssisə üzrə 67,2 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnoza 101 faizdən artıq əməl edilməsi deməkdir. Qeyd edilən həcmdən 44,5 milyon kilovatsaatı «Şəmkir» SES-in, 22,7 milyon kilovatsaatı isə «Yenikənd» SES-in payına düşür.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə 205,5 milyon kilovatsaat proqnoza qarşı, 208,4 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Bundan 141,8 milon kilovatsaatı «Şəmkir» SES-in, 66,7 milyon kilovatsaatı isə «Yenikənd» SES-in payına düşür. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Mənbədən onu da bildirdilər ki, 2 saylı hidroaqreqatda orta təmir işləri aparılmış və işə qoşulmuşdur. Hazırda işdə olan ümumi gücü 380 MVt təşkil edən 2 hidroaqreqat saz vəziyyətdədir. Bununla yanaşı, kran təsərrüfatında olan 5 ədəd kətilli və 2 ədəd körpülü kran da normal iş vəziyyətinə gətirilmişdir. Ümumilikdə, 13 transformator, 330-110 kV-luq 12 ədəd hava açarı, 12 ədəd kompressor qurğuları hazırda normal vəziyyətdədirlər.
Onu da qeyd edək ki, sözügedən dövrdə “Yenikənd” SES-də hər birinin gücü 37,5 MVt olan 4 ədəd hidroaqreqatlardan 1 və 4 saylı hodroaqreqatda cari təmir işləri aparılmışdır. Hal-hazırda hidroaqreqatlar saz vəziyyətdədirlər. Digər avadanlıqlarda isə təmir işləri qrafikə uyğun davam etdirilir.
Yeri gəlmişkən, burada yaz-yay sel sularının qəbulu və ötürülməsinə hazırlıq işləri başa çatdırılmışdır.
Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla təmin olunmuşdur. Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.