“MINGƏÇEVIR REŞ”: PAYLAYICI ŞƏBƏKƏLƏRDƏ YENIDƏNQURMA IŞLƏRI APARILIB
Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” REŞ-in xidməti ərazisindəki 6-10 və 0,4 kV-lik paylayıcı şəbəkələrdən də yan keçmədi. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə geniş məlumat verilmişdir.
“Mingəçevir” REŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə son üç ay ərzində bir sıra işlər aparılıb. Qeyd edək ki, REŞ-in balans mənsubiyyətinə daxil olan “Tərtər” elektrik şəbəkəsi bu qəbildən olan enerji təsərrüfatlarından biridir. Müəssisədən bildirilir ki, texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə 35/10 kV-lik “İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-lik “Evoğlu” hava xəttinin 1,2 kilometrlik hissəsində, 10 kV-lik “Qaynaq” hava xəttinin 1,4 kilometrlik hissəsində əsaslı və cari təmir işləri görülmüş, dayaqlar və zədəli naqillər dəyişdirilmişdir.
Qeyd edək ki, bu müddət ərzində 10 kV-lik “Qaraqoyunlu” hava xəttindən qidalanan eyniadlı kənddə 0,4 kV-lik EVX-nin 1 kilometrlik hissəsində müvafiq təmir işləri aparılmış, 150 metr uzunluğunda zədəli naqillər yeniləri ilə əvəz edilmişdir. Hüsnəli, Cəmilli və Seyidimli kəndlərində də analoji tədbirlər aparılmışdır. Mənbənin bildirdiyinə görə, 0,4 kV-lik EVX-lər üzrə ümumilikdə 4 kilometrdən artıq məsafədə təmir işləri yerinə yetirilib. Hesabat müddəti ərzində paralel olaraq 6 ədəd zədələnmiş 6-10/0,4 kV-lik transformator əsaslı və cari təmir edilərək abonentlərin istifadəsinə verilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə sayğac quraşdırılması və dəyişdiriləsi işləri də yerinə yetirilib. Belə ki, elektrik şəbəkəsi üzrə 40-a yaxın yeni sayğac quraşdırılmış, 50-yə yaxın zədəli sayğac isə yenisi ilə əvəz edilib.
Mətbuat xidmətinə daxil olan məlumata istinadən, “Ağsu” elektrik şəbəkəsi üzrə də analoji təmir-bərpa işləri görülüb. Məsələn, Cəlayır, Bico, Keçidməz, Padar, Elabad, Kəndoba, Ləngəbiz, Bəyimli, Qasımbəyil, Ərəbmehdibəy, Ərəbsərxan, Kalva, Rəhimli, Qüzey, Hinqar, Qasəd və Cəfərli kəndlərində enerji itkisinin qarşısının alınması məqsədilə 0,4 kV-lik şəbəkələrin 105 kolometrə yaxın məsafədəki qeyri standart naqillər AS markalı yeni naqillərlə əvəz edilmiş, 7,5 kilometrə yaxını isə əsaslı və cari təmir olunmuşdur.
Şəbəkə üzrə 40-dan artıq transformator məntəqəsində əsaslı və cari təmir işləri görülmüş, bir neçə transformatora yağ əlavə edilmişdir. EŞ üzrə son üç ay ərzində 10 ədəd yeni sayğac quraşdırılmış, 35 ədəd zədəli sayğac isə yeniləri ilə əvəz edilmişdir.
Sonda qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.