ELEKTRİK ENERJİSİNƏ TƏLƏBAT DOLĞUN ŞƏKİLDƏ ÖDƏNİLİR
"Şəki Regional Elektrik Şəbəkəsi"-nin (REŞ) xidməti ərazisinə daxil olan elektrik şəbəkələrində həyata keçirilən məqsədyönlü tədbirlər bölgənin enerji təsərrüfatında dayanıqlığı daha da artırıb. Müəssisədən bu haqda “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verərkən bildirdilər ki, region əhalisinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində yüksək nailiyyətlər əldə edilib.
Mənbədən bildirilmişdir ki, REŞ-də elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədilə yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb. Belə ki, 110 kV-lik I-II "Şəki", I-II "Zaqatala", "İsmayıllı", II-III " Qəbələ" elektrik verilişi xətlərində 927 ədəd izolyator yeniləri ilə əvəz edilib. 35 kV-lik "Taxılçılıq" hava xəttində 2 ədəd travers dəyişdirilib. Həmçinin 35 kV-lik "Şorsu", "Aşağı Göynük", "Oğuz" hava xətlərinin yağ açarları, 110/35/10 kV-lik "Şəki" yarımstansiyasının 1 və 2 saylı transformatorlarının 35/6 kV-lik giriş açarları təmir edilib. 35/10 kV-lik "Nij" yarımstansiyasında 2,5 MVA gücündə ikinci transformatorun sxemə qoşulması üçün hazırlıq işləri aparılıb.
Qeyd edək ki, cari ilin əvvəlindən mart ayının ortalarına qədər Balakən rayonunda 10-0,4 kV-lik xətlərdə 150 ədəd, Zaqatalada 110 ədəd, İsmayıllıda 38 ədəd ağac dayaq, 15 ədəd dəmir-beton dayaq yenisi ilə əvəz edilib. Bundan başqa, İsmayıllıda 110 kV-lik “Qubaxəlilli” yarımstansiyasından çıxan 10 kV-lik "Sovxoz" hava xəttinin trassası yenidən qurulduğu üçün 44 ədəd yeni dayaq basdırılıb. Həmçinin qaçqın və məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün “Şəki” REŞ-in xidməti ərazisində bu ilin əvvəlindən 1220 ədəd müasir tipli elektron sayğac quraşdırılıb.
Qeyd edək ki, bu il qış özünün sərt üzünü göstərdi, temperatur son yüz on ildə ən minimal həddə düşdü, intensiv yağan qar gündəlik həyatda bir çox problemlərə səbəb oldu. Lakin sözügedən müəssisənin xidməti ərazisinə daxil olan elektrik şəbəkələrində elektrik enerjisi təminatı ilə bağlı heç bir ciddi problem müşahidə olunmadı. İstehlakçılar əvvəlki kimi, fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olundular. Bütün bunlar həmin elektrik şəbəkələrində çalışan insanların 2011-2012-ci ilin payız-qış mövsümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər planını lazımi səviyyədə yerinə yetirdiyini göstərir ki, bu da öz bəhrəsini verir.
Mənbəyə istinadən onu da qeyd edək ki, hazırda yurdumuza bahar qədəm qoyub. Yaz fəsli ilə əlaqədər “Şəki” REŞ-də bir sıra qabaqlayıcı tədbirlər yerinə yetirilib. Yaz aylarında sel daşqınları ilə əlaqədar bütün çay yataqlarının ərazilərindən keçən xətlərin dayaqları yoxlanılıb və təhlükə yarada biləcək dayaqların dibi bərkidilib. Bu məqsədlə 110 kV-lik III "Qəbələ" hava xəttində 120 saylı, 110 kV-lik I "Qəbələ" xəttində 50 saylı, 110 kV-lik I-II "Zaqatala" xəttində 284 saylı, 35 kV-lik "İvanovka" hava xəttində 19 saylı, 110 kV-lik "İpək kombinatı" hava xəttində 13 saylı anker dayağın dibi bərkidilib.
Yeri gəlmişkən, bayram günlərində REŞ-in xidməti ərazisinə daxil olan elektrik şəbəkələrində istehlakçıların tələbata uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib və nəticədə istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatları dolğun şəkildə ödənilib və bu istiqamətdə heç bir problem müşahidə olunmayıb.