STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir. Bu baxımdan sözügedən obyektlərin tam gücü ilə fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Məhz buna görə də, adıçəkilən obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilməlidir. Belə enerji obyektlərindən biri də qərb bölgəsinin enerji təchizatında özünəməxsus payı və rolu olan «Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.
Sözügedən müəssisədən «Azərenerji» ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, nur istehsalçıları cari ilin fevral ayında da bütün proqnoz göstəricilərinə əməl ediblər.
Qeyd edək ki, silsilə üzrə 79,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 2,9 milyon kilovatsaat çoxdur.
“Avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislərimiz tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunurlar. Bütün avadanlıqlar diqqətdə saxlanılır”, - deyən mənbə silsilədə aparılan tikinti-quraşdırma işlərinin gedişatı barədə də məlumat verərək bildirdi ki, cari ilin fevral ayında “Şəmkir” SES-də 1 saylı, “Yenikənd” SES-də isə 1 və 4 saylı hidroaqreqatlar cari təmirdən çıxarılıb.
Yeri gəlmişkən, digər enerji obyektləri kimi, adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.