STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatında “Şimal Elektrik Stansiyası” mühüm rol oynayır.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şimal” ES-də əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən illərdə olduğu kimi cari ilin ötən səkkiz ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir və cari ilin ötən səkkiz ayında sözügedən stansiyada 1 milyard 566,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki,  cari ilin avqust ayında isə burada istehsal 172,8 milyon kilovatsaatdan artıq təşkil etmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.

Yeri gəlmişkən, "Şimal" ES-in inkişaf proqramı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.

Sonda onu da qeyd edək ki, icrasına başlanan layihənin müvəffəqiyyətlə başa çatdırılması  stansiyanın əhə­miyyətini daha da artıracaq, ener­jisistemin dayanıqlığına və ölkənin enerji təhlükəsizliyinə töhfəsini verəcəkdir.