AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB

Image

Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb. İrimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən olan generasiya gücləri arasında məxsusi yerə malik “Səngəçal Elektrik Stansiyası”  dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Ötən il ərzində burada istehsal olunaraq sistemə ötürülən elektrik enerjisinin miqdarı 1 milyard 245,2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da proqnozlaşdırıldığından 11,5 milyon kilovatsaat çoxdur.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin fevral ayında müəssisədə 129 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 467 min kilovatsaat çoxdur.

Qeyd edək ki, cari ilin iki ayı ərzində isə burada 249,3 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən ildə olduğu kimi cari ilin iki ayında da digər texniki-iqtisadi göstəricilər üzrə də yüksək nailiyyətlər əldə edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.

Son üç ayda görülmüş təmir işləri barəsində mənbədən əldə etdiyimiz digər bir məlumata görə, aqreqatlarla yanaşı əsas və köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmişdir. Eyni zamanda qrafikə uyğun olaraq yanğın texniki-minimum və əks qəza məşqləri də keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü  300 MVt olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir.   Bu stansiyanın digər stansiyalardan fərqi ondadır ki,  burada əsas yanacaq kimi qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilir.