ELEKTRİK ENERJİSİNDƏN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Şirvan elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 2 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 10,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 650 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğ tamamilə ödənilmiş və eyni zamanda ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin iki ayı ərzində müəssisə üzrə 7 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 31,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ tamamilə ödənilmiş, eyni zamanda ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Astara EŞ-dən əldə edilən məlumata görə, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 11 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 26,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 48 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
O da qeyd edilməlidir ki, cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı 23 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 84,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 5,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 27 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.