REYDLƏR NƏTİCƏ VERİR

Image

Digər EŞ-lərdə olduğu kimi “Beyləqan” və “Kürdəmir” elektrik şəbəkələrinin əməkdaşları tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Beyləqan elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə,  cari ilin ötən iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 84 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 204,5 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 12,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 80 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ötən il ərzində keçirilmiş reydlər zamanı 340-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək müvafiq qaydada aktlar tərtib olunmuşdu. Nəticədə 1 milyon 525,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 91,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Kürdəmir EŞ-dən əldə edilən məlumata görə, cari ilin ötən iki ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 110-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək aktlar tərtib edilmişdi. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 4,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 60,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 13 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, burada 2011-ci il ərzində keçirilmiş reydlər zamanı 970-ə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 4 milyon 706,6 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 282,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 42 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, hər iki müəssisədən (Beyləqan və Kürdəmir EŞ-lərdən) qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda  aşkar edilmişdir.