İTKİLƏR AZALDILIR
Ötən ili digər elektrik şəbəkələri (EŞ) kimi “Göyçay” EŞ üçün də uğurlu saymaq olar. İl ərzində rayon üzrə 98 milyon kilovat-saat elektrik enerjisi istehlak olunub. Bu isə 2010-cu illə müqayisədə 11 milyon kilovat-saat çoxdur. Lakin görülmüş tədbirlər nəticəsində itkilərin nisbətən azaldılmasına, enerjinin faydalı hissəsinin artımına nail olunub.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.
Bildirək ki, tələbatçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasını yerinə yetirmək məqsədilə 126 kilometr uzunluğunda 0,4 və 10-kV-lik elektrik verilişi xətti əsaslı və cari təmirdən çıxarılıb. Transformatorlardan 62-si yerində təmir edilib, 28 transformator isə əsaslı təmirdən sonra yerinə quraşdırılaraq istismara verilib. 57 ədəd dayaq yenisi ilə əvəzlənib.
Onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı mübarizə tədbirləri də gücləndirilib. Mövcud qaydaların pozulması ilə bağlı ötən il 262 akt tərtib edilib və nəticədə itirilmiş elektrik enerjisinin 125,8 min manat məbləğində istehlak dəyəri bərpa olunub.
Hazırda Göyçay rayonunda enerji satışı işinin təkmilləşdirilməsi üzrə pilot layihə həyata keçirilir. Qazanılmış uğurlu nəticələr digər rayonlarda tətbiq olunur. Bununla əlaqədar şəbəkədə itkilərin azaldılması, enerjinin dəyərinin tam toplanılması üçün kompleks tədbirlər planı işlənib hazırlanıb.