İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLİB

Image

Oğuz rayonunda elektrik enerji təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Rayon  elektrik şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2011-ci ildə də əsas diqqət payız-qış mövsümü ilə əlaqədar tədbirlər planının yüksək səviyyədə həyata keçirilməsinə yönəldilmişdi. Bu məqsədlə rayonun elektrik təsərrüfatında mühüm təmir-bərpa işləri həyata keçirilib. Ötən il xidməti ərazidə 94 ədəd dəmir-beton və 42 ədəd ağac dayaq basdırılıb, 14 ədəd 10/0,4 kV-lik transformator məntəqəsi təmir olunub, 900 metr uzunluğunda SİP kabel çəkilib. Həmçinin, şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar 10 kV-lik 12 ədəd  dəmir-beton dayaq yeni metal dayaqla əvəz olunub.

Qeyd edək ki, keçən il baş vermiş təbii fəlakətlər zamanı müxtəlif gücdə 9 ədəd transformator zədələnmişdi. Bunların hamısı qısa müddət ərzində Şəkidə təmir olunaraq yenidən şəbəkəyə qoşulub. Təmir müddətində bütün istehlakçılar fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunublar.

Mənbədən onu da bildirdilər ki, Bayan kəndində 10 ədəd ağac dayaq yeni beton dayaqla əvəz olunub. Bucaq kəndində isə 10 kV-lik 650 metr xətt çəkilib, 40 kVA gücündə 10/0,4 kV-lik transformator məntəqəsi quraşdırılıb. Həmçinin məcburi köçkünlərin enerji təminatının yaxşılaşdırılması məqsədilə 1 ədəd 63 kVA-lıq transformator 160 kVA-lıq transformator ilə əvəz olunub. Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib,  istehlakçıların elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaradıb.

Yeri gəlmişkən, digər energetika müəssisələrində olduğu kimi “Oğuz Elektrik Şəbəkəsi”ndə də əməyin mühafizəsi məsələləri gündəlik nəzarət altındadır. İşçilər hər gün texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılır. İşçilərin sağlamlığı da diqqət mərkəzindədir.