TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
“Ağdaş Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, kollektiv ötən ili əvvəlki illərin göstəricilərinə nisbətən daha yüksək göstəricilərlə başa çatdırıb. Şəbəkənin xidməti ərazisinə bir rayon mərkəzi, iki qəsəbə, 72 kənd daxildir. Ərazi dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə 110/35/10 kV-lik iki və 35/10 kV-lik üç yarımstansiya vasitəsilə təmin edilir. Bununla yanaşı, bütün istehlakçı qrupları enerji ilə təmin edən 10/04 kV-lik 562 ədəd transformator məntəqəsi istismardadır. İşçi heyət 10 kV-lik 450 kilometr, 35 kV-lik 69 kilometr və 0,4 kV-lik 1042 kilometr elektrik veriliş xətlərinə də xidmət göstərir.
Qeyd edək ki, ötən təsərrüfat ilində şəbəkənin təmirçilər qrupu müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə, yarımstansiyalarda və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçiriblər.
Onu da qeyd etmək yerinə düşərdi ki, rayonda aparılan elektrik enerjisi sahəsində ən uğurlu islahatlardan biri də bütün istehlakçılar haqqında məlumatların inventarlaşdırılması və onların kodlaşdırılaraq kompüter sisteminə yığılmasıdır.
Yeri gəlmişkən, mənbənin burada cari ildə həyata keçiriləcək işlər barədə məlumatında o da bildirilir ki, 110 kV-lik "Ağdaş" yarımstansiyasında gücün artırılması üçün 2 ədəd 25 MVA gücündə transformator gətirilib. Məqsəd bu transformatorları da işə qoşaraq yarımstansiyanın gücünün artırılmasıdır. Şəbəkənin Ləki qəsəbəsinə enerjinin verilişi dəmir yoluna məxsus elektrik xətti ilə həyata keçirilirdi. Yeni layihə üzrə qəsəbənin enerji təchizatı da öz müsbət həllini tapacaq. Bununla yanaşı, yaxın vaxtlarda 10-0,4 kV-lik şəbəkələrin yenidən qurulmasına start veriləcəyi nəzərdə tutulub.